Azərbaycan Dövlət İnformasiya Agentliyi

FƏXRİ ADLARA GÖRƏ AYLIQ TƏQAÜDÜN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara aılıram:

1. Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 250 min manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi və əməkdar dövlət qulluqçusu üçün 150 min manat müəyyən edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam 2005-ci il avqustun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin