CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində vəzifələrinin icrasını davam etdirir
Bakı, 20 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Nizami rayonunun M.Abbasov küçəsi 24 ünvanında yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə (Xidmət) məlumat daxil olub.
Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu təsdiqini tapıb.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidiyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.