CƏMİYYƏT
FHN “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib
Bakı, 12 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi yanğından mühafizə qurumlarının əməliyyat-xidməti fəaliyyətində, həmçinin neft, qaz və kimya sənayesi obyektlərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının çevikliklə və peşəkarlıqla alınması, yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbulunda manqaların peşə hazırlığının yüksəldilməsi, əməkdaşların taktiki hazırlığının, onların xüsusi biliklərinin, metodiki vərdişlərinin təkmilləşdirilməsi olub.
Müsabiqədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) obyektlərinin mühafizəsi üzrə yanğından mühafizə idarəsinin tabeliyindəki 10, neftayırma müəssisələrinin üzrə yanğından mühafizə dəstəsinin 5 və Sumqayıt şəhər dövlət yanğından mühafizə idarəsinin 3 yanğından mühafizə hissəsinin komandası iştirak edib. Beləliklə, 18 komandanın tərkibində 126 nəfər yanğınsöndürənin qatıldığı müsabiqədə yanğın-xilasetmə hazırlığının inkişafı, eləcə də ekstremal şəraitdə şəxsi heyətin xidməti vəzifələrini yerinə yetirərkən onlara peşə vərdişlərinin aşılanması və dözümlülüyünün artırılması, şəxsi heyətin taktiki hazırlığının səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində olub.
“Köpük verməklə ən yaxşı manqa” adı uğrunda keçən baxış-müsabiqədə SOCAR obyektlərinin mühafizəsi üzrə yanğından mühafizə idarəsinin 54 nömrəli yanğından mühafizə hissəsi birinci, Sumqayıt şəhər dövlət yanğından mühafizə idarəsinin 21 nömrəli yanğından mühafizə hissəsi ikinci, SOCAR obyektlərinin mühafizəsi üzrə yanğından mühafizə idarəsinin 56 nömrəli yanğından mühafizə hissəsi üçüncü yerə layiq görülüb.
Baxış-müsabiqənin qalibləri FHN işçilərinin həmkarlar ittifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.