CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 62 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində üçü azyaşlı olmaqla səkkiz nəfəri, o cümlədən baş vermiş avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış üç nəfəri xilas ediblər. Həmçinin Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.