İDMAN
FİFA fanatların bannerləri üzündən Rusiyaya qarşı intizam işi açdığını inkar edir
Bakı, 20 iyun (AZƏRTAC). Beynəlxalq Futbol Federasiyası (FİFA) dünya çempionatında Koreya komandası ilə matç zamanı azarkeşlərin davranışı ilə bağlı Rusiya tərəfi barəsində intizam araşdırmasına başlamamışdır.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” qəzetinin yaydığı məlumata görə, rusiyalı fanatlar qrup mərhələsində Cənubi Koreya komandası ilə (1:1) matç zamanı tribunalarda üzərində neonasistlərin istifadə etdikləri Kelt xaçı təsvir olunmuş banner asmışlar. Nəşrin yazdığına görə, buna görə Rusiya yığmasını ciddi cəza, bəlkə də xallardan məhrumetmə cəzası gözləyir.
FİFA-nın nümayəndəsi Deliya Fişer təsdiq etmişdir ki, Kamerun komandası ilə matçda qapıçı Şarl İtancın ünvanına homofob təhqirlər işlətməkdə şübhəli bilinən meksikalı azarkeşlərin etikaya sığmayan davranışı üzündən bu ölkənin yığması barəsində iş açmışdır. Lakin o, bəyan etmişdir ki, FİFA başqa futbol assosiasiyaları barəsində iş açmamışdır.
Çili komandasının da cəzalandırılması məsələsi hələlik sual altındadır. Xatırladaq ki, bu komandanın azarkeşləri İspaniya ilə oyundan əvvəl “Marakana” stadionuna hücum etmişdilər.
İyunun 18-də yüzədək biletsiz çilili azarkeş kordonları dəf edərək stadionun tribunalarında yer tutmağa çalışmışlar. Onlar maneələri dağıdaraq mətbuat mərkəzinə daxil olmuş, buranı talan edərək tribunalara keçməyə cəhd göstərmişlər. Asayişi pozanların qarşısını alan polis 85 nəfəri həbs etmişdir. Çilili azarkeşlər vətənə deportasiya olunmuşlar.
Bu hadisədən sonra FİFA futbol üzrə dünya çempionatının matçlarında təhlükəsizlik tədbirlərini gücləndirməyi vəd etmişdir. Təhlükəsizlik xidmətinin hərəkətlərini stadionun həm içində, həm də çölündə daha yaxşı əlaqələndirəcək ciddi tədbirlər iyunun 22-də “Marakana”da oynayacaq Rusiya-Belçika matçında qüvvəyə minəcəkdir.