ELM VƏ TƏHSİL
Finlandiyalı təhsil ekspertləri Bakı Dövlət Universitetində olublar
Bakı, 30 sentyabr, AZƏRTAC
Helsinki Universitetinin davamlı təhsil palmeniya mərkəzinin rəhbəri Kauko Hamalaynen və Finlandiya təhsilin qiymətləndirilməsi mərkəzinin baş planlaşdırma mütəxəssisi Sirpa Moitus “Twininq” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) olublar.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, təhsilin keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə keçirilən görüşdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, elm və innovasiyalar üzrə prorektor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Aydın Kazımzadə, tədris elektron mərkəzinin müdiri, professor Məlahət Qurbanova, xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, tədris hissəsinin rəisi İbad İbadov və müəllimlər iştirak ediblər.
2005-ci ildən Azərbaycan universitetlərinin Bolonya prosesinə qoşulduğunu deyən prorektor Aydın Kazımzadə BDU-da bu prosesin tətbiqindən, təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin xarici standartlara uyğun olmasından danışıb. Universitetdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə yaradılan mərkəzlər barədə məlumat verən prorektor Tədris Elektron Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib.
Qiymətləndirilmədə obyektivliyin əsas götürüldüyünü vurğulayan prorektor İradə Əliyeva, eyni zamanda, tədrisin qiymətləndirilməsi prosesinin tələbələr arasında rəy sorğusu və metodiki şuranın dərslərdə iştirak vasitəsilə aparıldığını bildirib. Qeyd edilib ki, qiymətləndirmədən keçməyən müəllimlər ixtisasartırma kurslarına cəlb olunurlar.
Tədbirdə Bolonya prosesinin və Avropa Kredit Transfer Sisteminin tətbiqi üzrə əldə edilən nailiyyətlər, qarşıya çıxan problemlər və onların həlli yolları geniş müzakirə olunub. Sonda iştirakçılar universitetin Tədris Elektron Mərkəzinin fəaliyyəti ilə tanış olublar.