ELM VƏ TƏHSİL
Fizika İnstitutunda polşalı alimin məruzəsi dinlənilib
![Fizika İnstitutunda polşalı alimin məruzəsi dinlənilib](/files/2015/3/1200x630/14476753325575427414_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda astrofizika elmi barədə məlumat verilib, bu sahənin artıq Azərbaycanda da xeyli inkişaf etdiyi qeyd olunub.
Tədbirdə Polşanın Nikolay Kopernik Universitetinin Astronomiya Mərkəzinin əməkdaşı Jacek Krelovskinin “Şamaxı Astrofizika Rəsədxanasında ulduzlararası ətraf mühitin tədqiqinin perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, Şamaxı Astrofizika Rəsədxanasının beynəlxalq əlaqələri genişlənir və polşalı alim bu məqsədlə rəsədxanaya dəvət olunub. On günlük səfər çərçivəsində əməkdaşlıq imkanları müzakirə ediləcək, cihazlar nəzərdən keçiriləcək.