DÜNYA
Florida sakini COVID-19 pandemiyası ilə əlaqədar yardım fondlarından 2,6 milyon dollar oğurladığını etiraf edib
Vaşinqton, 31 avqust, AZƏRTAC
Florida ştatının bir sakini COVID-19 pandemiyası ilə əlaqədar yardım fondlarından 2,6 milyon dollar oğurlamaqda təqsirkar olduğunu etiraf edib.
AZƏRTAC xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, Neypls şəhərinin sakini, 35 yaşlı Daniel Cozef Tayson Fort-Mayers federal məhkəməsində keçirilmiş prosesdə elektron vasitələrdən istifadə etməklə dələduzluq, bank dələduzluğu, qanunsuz pul əməliyyatları aparılması və döyüş sursatının saxlanması maddələri üzrə təqsirkar olduğunu boynuna alıb. Onu federal həbsxanada 60 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Hökm dekabrın 5-də çıxarılacaq.
Bildirilir ki, Tayson 2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayına qədər Kiçik Biznes İdarəsinə və banklara saxta sifarişlər verərək müxtəlif növ kreditlər alıb. Prokurorluq bəyan edib ki, həmin sifarişlərdə Taysonun kriminal keçmişi, onun orta aylıq əməkhaqqı, işçilərinin sayı və qazancının məbləği barədə yalan informasiyalar olub. Bundan əlavə, ittihamnaməyə görə Tayson saxta ödəniş və vergi sənədləri, habelə əslində mövcud olmayan kommersiya icarəsi barədə saxta sənəd təqdim edib.
Hakimiyyət nümayəndələrinin sözlərinə görə, Tayson “Meyn-strit kredit proqramı” çərçivəsində bir kredit, “İqtisadi zərərçəkmişlərə kömək proqramı” çərçivəsində dörd kredit və “Əməkhaqqının qorunması proqramı” çərçivəsində daha beş kredit alıb. Ümumi məbləği 2,6 milyon dollardan çox olan bu pullar hesabına Tayson Neyplsdə iki ev, səhmlər və investisiya qiymətli kağızları, 2019-cu ildə buraxılmış “Tiara 34LS” qayığı, çəkisi 4,02 karat olan nişan üzüyü və döyüş sursatları alıb. Məhkəmədən əvvəlki razılaşma çərçivəsində Tayson bütün bu pulları qaytarmalıdır. O, evlərindən, qayıqdan və üzükdən də məhrum olacaq.
“Əməkhaqqının qorunması proqramı” COVID-19 pandemiyasının nəticələrinə qarşı mübarizə aparan kiçik müəssisələrin sahibləri üçün bağışlanılan kreditlər şəklində bir neçə milyard dolları əhatə edir. Bu pullar əməkdaşlara məvacib, ipoteka üzrə faiz, icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üçün nəzərdə tutulur. Koronavirusa qarşı mübarizə tədbirləri paketinin bu hissəsi 2020-ci ildə federal qanun şəklində təsbit olunub.
AZƏRTAC -ın Vaşinqton bürosu