İQTİSADİYYAT
“flydubai” ümumi məbləği 200 milyon ABŞ dolları olan müqavilələr imzalamışdır
Bakı, 17 dekabr (AZƏRTAC). “Dubai air show” 12-ci Beynəlxalq aviasalonu çərçivəsində “flydubai” aviaşirkəti “MC Aviation Partners” (MCAP) şirkəti ilə iki ədəd “Boeing 737-800NG” təyyarəsinə dair maliyyə təchizatı haqqında müqavilə imzalamışdır.
Şirkətin Bakı ofisindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, sazişin ümumi həcmi kataloq qiymətləri ilə 170 milyon ABŞ dollarıdır. Təyyarələrin çatdırılması 2012-ci ilin yanvar və fevral aylarına planlaşdırılmışdır.
“flydubai”, həmçinin “Honeywell” şirkəti ilə texniki xidmət haqqında ümumi məbləği 20 milyon dollardan artıq saziş imzalamışdır. Onillik müqavilə aviaşirkətin təyyarələri üçün köməkçi qüvvə qurğularının təchizatı və xidmətini nəzərdə tutur.
“flydubai” şirkətinin “Abu Dhabi Aircraft Technologies” (ADAT) şirkəti ilə ümumi məbləği 54 milyon dollar olan texniki xidmət, cari və əsaslı təmir üzrə imzalanan iki müqaviləsi təyyarələrin yüksək hazırlıq səviyyəsində olmasına kömək edəcəkdir.