DÜNYA
“Forbes”in on “milyarder” şəhəri: Moskva yenə də Nyu-Yorku keçmişdir
Bakı, 16 mart (AZƏRTAC). “Forbes” yazır: “Moskva dünya milyarderlərinin paytaxtı adını təsdiqləmişdir. Bu il o, daha çox milyarderi olan şəhərlərin siyahısında yenə də ön sıraya çıxmışdır”. “Forbes”in məlumatına görə, Rusiyanın paytaxtında ümumi varidatı 366 milyard dollar olan 84 milyarder yaşayır. Nyu-York əvvəlki kimi yenə də ikinci yeri tutur: şəhərdə ümumən 280 milyard dollarlıq var-dövləti olan 62 milyarder yaşayır. Üçüncü yeri London və Honkonq bölüşürlər - onların hər birində 43 milyarder vardır.
Ən “yoxsul” milyarderlər İstanbulda yaşayır: şəhər siyahıda 5-ci yeri tutsa da (37 milyarder) bir İstanbul milyarderinin varidatı orta hesabla “cəmi-cümlətanı” 1,7 milyard dollar təşkil edir (Moskvada bu göstərici 4,4 milyard dollardır).
Dünyanın ən varlı adamı Karlos Slim və daha 98 nəfər başqa milyarder Latın Amerikasında yaşayır. Lakin onluğa regionun yalnız bir şəhəri düşmüşdür - San-Paulu. Bu şəhər 26 milyarderi ilə siyahıda 6-cı yerdədir.
Nəşrdə deyilir ki, 7-ci, 8-ci və 9-cu yerləri müvafiq olaraq Mumbay (24 milyarder), Seul (23) və Pekin (21) tutmuşlar.
Sonuncu, 10-cu yerdə bundan əvvəl liderlərin onluğunda olmamış Parisdir. Şəhərdə ümumi var-dövləti 63 milyard dollar olan 18 milyarder yaşayır. Müəllif yazır: “Varlılar üçün vergilər yüksək olduğuna görə dövlətli adamların Fransanı tərk etdikləri barədə beynəlxalq xəbərlərin başlıqları fonunda onun siyahıya düşməsi təəccüblüdür”. Dünya varlıları siyahısında onuncu yeri tutan Bernar Arno keçən il Belçikadan vətəndaşlıq istəmişdir. Fransız aktyor Jerar Depardye, düzdür, milyarder deyildir, artıq Rusiya vətəndaşıdır. O demişdir: “Mən 2012-ci ildəki mənfəətimin 85 faizini verib getmişəm”.