İDMAN
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin açılış mərasimində tamaşaçıları bir sıra sürprizlər gözləyir
Bakı, 28 aprel, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin açılış mərasimi bir sıra yeniliklərlə əvvəlkilərdən fərqli olacaq.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, saat 15:40-da başlayacaq açılış mərasimində əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim ediləcək.
Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start veriləcək. Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndiriləcək. Himni Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslublarda ifa edəcəklər. Onları Əməkdar artistlər - tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edəcəklər. İfaçılar milli və klassik üslublara aid geyimlərdə olacaqlar.
Formula 1 sürücülərinin paradında pilotları “Gələcəyin ulduzları” adlı azyaşlılar müşayiət edəcəklər.