CƏMİYYƏT
Fövqəladə hallar gənclərin diqqət mərkəzində
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Fövqəladə Hallar Nazirliyinin dəstəyi (FHN) ilə “Fövqəladə hallar gənclərin diqqət mərkəzində” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Biznes Universitetində keçirilən tədbirdə FHN-in Bakı Regional Mərkəzinin nümayəndələri baş verə biləcək fövqəladə hallar zamanı gənclərin bilməli olduqları məsələlərdən danışıblar. Çıxışlarda dəm qazı zəhərlənmələri zamanı ilkin tibbi yardımın göstərilməsi, belə halların qarşısının alınması üçün görülən konstruktiv tədbirlər barədə gənclərə ətraflı məlumat verilib.
ATGTİ-nin və FHN Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallar gənclərin diqqət mərkəzində” mövzusunda tədbirlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.