CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
Bakı, 27 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in 112 - qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli vəziyyətdə qalması (əllərinin ətçəkən maşında ilişib qalması, əzalarının barmaqlıqlar arasında qalması və s.) ilə bağlı məlumatlar daxil olur.
Bütün hallarda nazirliyin müvafiq xilasetmə qüvvələrinin həyata keçirdikləri operativ əməliyyatlar sayəsində təhlükəli vəziyyətdə qalan azyaşlılar xilas olunur.
Bu kimi hadisələrlə bağlı aparılan təhlillər göstərir ki, uşaqların nəzarətsiz qalması onların həyat və sağlamlığı üçün birbaşa təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, nazirlik bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.