CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin komissiyaları zəlzələ bölgəsində monitorinqləri davam etdirir
Zaqatala, 29 mart (AZƏRTAC). Ötən ilin mayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir. İndiyədək zəlzələ bölgəsində tikintisinə başlanılan fərdi evlərin və məktəb binalarının böyük hissəsi artıq istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, zərər çəkmiş əhalinin sonrakı müraciətlərini nəzərə alaraq hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq komissiyaları tərəfindən zəlzələ bölgəsində fərdi evlərə təkrar baxışlar keçirilir. Nazirlikdən verilən məlumata görə, əhalinin müraciətləri əsasında indiyədək Zaqatala rayonunda 10446, Qax rayonunda 2479, Balakən rayonunda isə 2491 evə təkrar baxış keçirilmişdir. Eyni zamanda, hazırda hər üç rayonda ümumilikdə 1500-ə yaxın fərdi evin tikintisi davam etdirilir.
Martın 29-da fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Zaqatala rayonunun Lahıc kəndində zərər çəkmiş əhali ilə görüşmüş, onların problemləri ilə maraqlanmış, şikayətlərini dinləmişdir. Sonra nazir müavini rayon rəsmiləri və FHN-in işçi qrupları ilə birgə sakinlərin evlərinə baxış keçirmiş, tikinti təşkilatlarının rəhbərlərinə müvafiq göstərişlər vermişdir.