CƏMİYYƏT
“Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusunda tədbir keçirilmişdir
Bakı, 20 aprel (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Lerik şəhəri Valeh İbrahimov adına internat və Valeh Müslümov adına 2 nömrəli tam orta məktəblərinin kollektivi üçün “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi şagird və pedaqoji heyəti təbii və texnogen xarakterli qəzalar zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini artırmaq, eləcə də məişətdə elektrik və qaz cihazlarından istifadə edərkən yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməkdir.
Mərkəz əməkdaşları tərəfindən “Təhsil müəssisələrində yanğın və texniki təhlükəsizlik tədbirləri”, “Ekstremal vəziyyətlərdə nəqliyyat vasitələrindən istifadə edərkən təhlükəsizlik tədbirləri”, “Zəlzələ baş verdikdə nə etməli”, “Sel və daşqınlar zamanı təhlükəsizlik tədbirləri” və “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar edilmişdir.
FHN tərəfindən keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılığı müsabiqəsi və “Gənc xilasedici və yanğınsöndürən” yarışı haqqında ətraflı məlumat verilmiş, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin sonunda “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır”, “Qəza radiasiya zədələnmələrinin diaqnozu necə qoyulmalı və ilk cavab tədbirləri necə görməli”, “Özünə və başqalarına kömək etməyi bacar”, “Fövqəladə hallarda özünü necə aparmalı” mövzularında hazırlanmış kitabçalar paylanılmışdır. Mərkəzin fəaliyyəti ilə bağlı videoçarx, fotoslaydlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları əyani şəkildə göstərilmişdir.