MƏDƏNİYYƏT
Françesko Maco: “Mən Azərbaycan musiqisinə aşiqəm”
Bakı, 21 iyun (AZƏRTAC). Gənc İtaliya bəstəkarı Françesko Maco Bakıya dəfələrlə gəlmişdir.
Azərbaycan musiqisinə, muğamına, baletinə maraq onun yolunu bu yerlərdən hələ çox salacaqdır. Azərbaycana hər səfəri zamanı konsertlərə getmək, ölkəmizin mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı ilə yanaşı, Maco hər dəfə yeni birgə layihələrdə də iştirak edir.
O, Romada Santa-Çeçiliya Konservatoriyasının kompozisiya sinfini bitirmişdir. Həmyerlimiz Günay Mirzəyeva da bu ocaqda təhsil alır. Gənc italyan da elə onun sayəsində Azərbaycan musiqisi, onun nadir janrları barədə öyrənmişdir.
Günay Mirzəyeva Ştutqard Konservatoriyasının məzunu, Azərbaycan gənclərinin xaricdə təhsil alması üzrə Dövlət Proqramının təqaüdçüsüdür. Romanın Santa-Çeçiliya Akademiyasının Konservatoriyasında, eyni zamanda, Almaniyanın Karlsrue şəhərində dünya şöhrətli bəstəkar, professor Volfqan Rimin sinfində təhsil alır.
Hazırda onlar Bakıdadırlar. Bu yaxınlarda başa çatmış gənc bəstəkarların Plenumunda iştirak etmiş, Azərbaycan bəstəkarları və ifaçıları ilə görüşmüşlər. Günayın yaradıcılığı diqqəti cəlb edir, onun haqqında çox yazırlar.
Günay gənc İtaliya bəstəkarı Françesko Maco ilə birgə layihələrindən, İtaliyanın və Avropanın Azərbaycanı daha yaxşı tanıması üçün gördükləri işlərdən AZƏRTAC-a danışmışdır.
F.Maco rezident bəstəkardır, Finlandiyada “Brinkhall summer concerts” festivalının təşkilatçısı və rəhbəri, İtaliyada isə “Massenzio arte festival” festivalının bədii rəhbəridir.
İtaliyalını musiqi ilə təəccübləndirmək çətindir. Peşəkarı, bəstəkarı isə təəccübləndirmək daha çətindir. F.Maco demişdir: “Mən Azərbaycana, onun musiqisinə, insanlarına heyranam”. Sözlə ifadə olunmayan, Azərbaycan xalqının mənəvi sərvəti sayılan muğam isə onun üçün ayrıca bir söhbətin mövzusudur. Bəstəkar deyir: “Azərbaycanlılara Tanrı tərəfindən bəxş edilmiş muğamın əlçatmaz möcüzəsi məni cəlb edir. O, dahiləri ən müxtəlif janrlarda musiqilər - opera və balet, simfoniya və konsertlər yaratmağa ruhlandırır. Biz, ilk dəfə olmasa da, muğamın Qərb musiqisi ilə sintezini yaratmağa cəhd göstəririk”.
Françesko və Günay hazırda bir neçə layihə üzərində işləyirlər. Məsələn, noyabr ayında İtaliya şəhərlərində - Romada, Turində, Milanda, Savonada, Robertedə İtaliyanın “Kseniya” ansamblının konsertləri olacaqdır. Ansamblın tərkibində balabançı Rafael Əsgərov çıxış edəcəkdir. Bu, Qərb və Azərbaycan musiqisinin “Novruz” mövzusunda sintezi kimi düşünülmüşdür.
Layihənin sponsoru və libretto müəllifi dramaturq Qvido Barbyeridir. Layihə çərçivəsində Azərbaycan və İtaliya musiqisinə həsr olunmuş konfrans, ustad dərsləri keçiriləcəkdir. Layihə Azərbaycanın İtaliyadakı səfirliyi və “San Paolo” Fondunun dəstəyi ilə həyata keçiriləcəkdir.
Mart ayında İtaliya, Almaniya və İspaniyaya böyük turne gözlənilir. Viçenso şəhərinin “Olimpuka” teatrı orkestrinin müşayiəti ilə Azərbaycan musiqiçisinin çıxışı nəzərdə tutulmuşdur.
Bu, Breşia şəhəri teatrının İtaliya Filarmoniya orkestri ilə birgə layihəsidir. Orkestr F.Maco və G.Mirzəyevanın məxsusi olaraq bu konsert üçün bəstələdikləri Azərbaycana həsr olunmuş əsərləri ifa edəcəkdir. Konsertdə digər bəstəkarların əsərləri də səslənəcəkdir.
Gənc bəstəkarlar bir sıra musiqi festivalları da keçirmək niyyətindədirlər.
Françesko və Günay İtaliyada Azərbaycan musiqisi festivalı təşkil etməyi arzulayırlar. Onlar deyirlər ki, İtaliya Azərbaycan mədəniyyətini və musiqisini mütləq yaxından tanımalıdır. Bunun üçün biz əlimizdən gələni edəcəyik.