SİYASƏT
FRANSA VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN GÖRÜŞÜNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 5-də Fransa Prezidenti Nikola Sarkozi bu ölkəyə işgüzar səfərə gəlmiş Ermənistan Prezidenti Serj Sərkisyanı Yelisey sarayında qəbul etmişdir.
Görüşdə iki dövlət arasında əməkdaşlıq məsələləri ilə bərabər Qafqazda, o cümlədən Gürcüstanda vəziyyət ətrafında fikir mübadiləsi aparılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları bəyannamə müzakirə edilmişdir.
Nikola Sarkozi ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində göstərdiyi səyləri xatırlatmış, Moskvada imzalanmış bəyannaməni Cənubi Qafqazda sabitliyin bərqərar olması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli olunacağına böyük ümid bəslədiyini diqqətə çatdırmışdır.