CƏMİYYƏT
Fransa və Kosta-Rika 2025-ci ildə BMT-nin növbəti Okean konfransına ev sahibliyi edəcək

Lissabon, 2 iyul, AZƏRTAC
Okean konfransı dənizin mühafizəsinə dair təxminən 10 milyard avro məbləğində investisiya öhdəlikləri üçün mühüm mərhələ oldu. Bunun da 7 milyard avrosu Avropa İttifaqının payına düşür.
AZƏRTAC xəbər verir ki, bu barədə Portuqaliyanın xarici işlər naziri Joau Qomeş Kravinyo bildirib.
Keniya və Portuqaliya hökumətlərinin birgə təşkilati dəstəyi ilə iyunun 27-dən iyulun 1-dək keçirilən Lissabon Konfransı qlobal qərarların qəbulu ilə yadda qalıb: Avstraliya qlobal istiləşmə təhlükəsi ilə üzləşən Böyük Sədd rifinin qorunub saxlanması üçün növbəti 10 il ərzində 1,1 milyard avro sərmayə qoyacağını açıqlayıb; Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Okean vəd edirik” öhdəliyi çərçivəsində okeanın potensialından düzgün istifadə edilməməsi və idarə edilməməsi səbəbindən hər il itirilən bir milyard dolların əvəzinin ödənilməsinə kömək etmək vədi; Keniya “ekosid” adlı qanunu qəbul edəcək; Kolumbiya dəniz mühafizə zonasının 30 faizə qədər genişləndirilməsini təsdiqləyəcək; Portuqaliya 2030-cu ilə qədər “mavi iqtisadiyyat”da “start-up”ların sayını iki dəfə artırmağı və milli dəniz rayonlarının 30 faizini təsnif etməyi qarşısına məqsəd qoyub.
BMT-nin növbəti Okean konfransı 2025-ci ildə Kosta-Rika hökumətinin birgə təşkilati dəstəyi ilə Fransa tərəfindən keçiriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon