SİYASƏT
Fransa və Niderlandın Azərbaycana qarşı sanksiya tətbiqi ilə bağlı təkliflərinin heç biri effektiv deyil - ŞƏRH
Bakı, 3 fevral, AZƏRTAC
Bir sıra Qərb ölkələrinin və bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirmələri ilk dəfə deyil. Xüsusilə də 2020-ci ildə Vətən müharibəsindən sonra bu cür radikal hallara daha çox rast gəlirik. Çünki Azərbaycan İkinci Qarabağ müharibəsində heç bir kənar qüvvənin iştirakına icazə vermədi və 30 il davam edən Qarabağ problemini öz gücü hesabına həll edərək bölgədə münaqişəyə son qoydu. Elə 2020-ci ildə müharibəyə son qoyulduğu noyabr ayında Niderland parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı çağırışlar var idi. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həmin çağırışlara adekvat reaksiyalar verildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Topçubaşov Mərkəzinin icraçı direktorunun müavini, ekspert Murad Muradov söyləyib.
O deyib ki, Niderland tərəfi bunlarla kifayətlənməyərək 2021-ci ildə Azərbaycanla münasibətlərə baxılması ilə bağlı yenidən təkliflər səsləndirdi. 2023-cü ilin sentyabrında baş verən antiterror tədbirlərindən bir qədər sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olundu. Son olaraq bu ilin yanvarında bu ölkənin xarici işlər naziri Hanke Bruins Slot Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini yenidən gündəmə gətirdi. O, çıxışında Azərbaycanın Ermənistana hücum edəcəyi barədə əsassız iddialar da səsləndirdi. Rəsmi Bakı isə cavabında belə bəyanatların eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlərin ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbə olduğunu diqqətə çatdırdı. Eyni zamanda, buna cavab olaraq Niderlandın xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salındı.
Ötən ilin payızında Niderlandda keçirilən parlament seçkilərində ifrat sağçı Azadlıq partiyasının qalib gəldiyini xatırladan M.Muradov partiyanın sədri Gert Vildersin islamofob, şovinist bəyanatları ilə məşhurlaşdığını diqqətə çatdırıb. Deyib ki, G.Vilders bir müddət əvvəl Niderlandda Quranın qadağan olunması təklifini də irəli sürmüş, lakin ictimaiyyətin kəskin reaksiyası ilə qarşılaşdığından bunu inkar etmişdi. Ancaq bütün hallarda Gert Vildersin baxışları bəllidir.
2023-cü ilin sentyabrından sonra Avropadan Azərbaycana qarşı hücumların intensivləşdiyini qeyd edən ekspert deyib: “2023-cü ildən əvvəl Qarabağda separatçı rejimin qalması Avropanın xeyrinə idi. Məlumdur ki, ötən ildən Ermənistan-Azərbaycan sərhədində alman polislərindən və fransız jandarmlarından təşkil olunmuş, Avropa İttifaqının da yer aldığı mülki müşahidə missiyası fəaliyyət göstərir. Onlar guya bununla Ermənistanın təhlükəsizliyinin gücləndirilməsinə xidmət etdiklərini bildirirlər. Fransa isə hazırda özünü Qərbin lider dövləti kimi göstərməyə çalışır. ABŞ-ın təsir göstərə bilmədiyi ölkələrdə rəmzi olaraq öz qüdrətini artırmağa çalışır. AŞPA-nı isə narahat edən məsələ Azərbaycanın müstəqil siyasət yürütməsi ilə bağlıdır. AŞPA Cənubi Qafqaz regionunda yaranan yeni reallığı qəbul etmək istəmir. Nəzərə alsaq ki, 30 il əvvəl SSRİ-nin tərkibindən ayrılıb yenicə müstəqilliyinə qovuşmuş dövlətlər üçün AŞPA-ya üzv olmaq mühüm məsələ idi. Azərbaycan 1990-cı illərin əvvəllərində yeni müstəqillik qazanmışdı, torpaqlarının 20 faizi işğal edilmişdi, iqtisadi gücü istənilən səviyyədə deyildi. Ancaq indi Azərbaycan beynəlxalq arenada hər cəhətdən güclü bir dövlətə çevrilib və onun nüfuzu durmadan artır. Bu səbəbdən də Azərbaycan ona qarşı irəli sürülən iddiaların heç birini qəbul etmir və öz müstəqil siyasətini davam etdirir. Bu da təbii ki, Qərb dairələrində qıcıq yaradır və azərbaycanofob meyillərin yaranmasına gətirib çıxarır”.
Azərbaycana qarşı aparılan kampaniyada əsasən Fransa, Niderland və Almaniyanın daha fəal olduqlarını deyən Murad Muradov bildirib: “Fransa və Niderland tərəfindən yaxın perspektivdə Azərbaycana qarşı sanksiya təklifləri ilə bağlı çıxışlarının davam edəcəyinin şahidi olacağıq. Avropa İttifaqı səviyyəsində hansısa sanksiyaların tətbiq olunması ehtimalı isə çox azdır. Ancaq bu sanksiya təkliflərinin heç biri effektiv deyil. Çünki Fransa və Almaniya Avropa İttifaqının Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olmasını nəzərə alaraq ölkəmizə qarşı birtərəfli sanksiya tətbiq etmək iqtidarında deyil”.