DÜNYA
Fransada müsəlman məscidi təhqirə məruz qalmışdır
Paris, 7 yanvar (AZƏRTAC). Son vaxtlar Fransada müsəlmanlara qarşı nalayiq və təhqiramiz hərəkətlər intensivləşmişdir.
Ölkənin Ot-Marn departamentinin Vekevil şəhərində iki həftə əvvəl açılışı olmuş məscid təhqirə məruz qalmışdır.
Yanvarın 6-da səhər saatlarında naməlum şəxslər tərəfindən məscidin həyətinə plastik torbalara bükülmüş iki qanlı donuz başı atılmışdır.
Bu barədə departamentin prefekturu məlumat yaymışdır.
Prefektur bildirmişdir ki, şəhərdə yerli əhali ilə müsəlman icmasının artıq inteqrasiya etdiyi bir vaxtda belə axmaq və yolverilməz hərəkət sakinlər arasında böyük narazılıqla qarşılanmışdır. Bu hadisə dostluq şəraitində yaşayan və mehriban bir ailəni xatırladan xalqlar arasına düşmənçilik toxumu səpməkdə maraqlı olan qüvvələr tərəfindən törədilmişdir.
Prefektur bu məsələyə görə cinayət işinin açıldığını demiş, günahkarların tezliklə tapılaraq məhkəmə qarşısında dayanacaqlarına və öz hərəkətlərinə görə layiqli cəzalarını alacaqlarına əminliyini bildirmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris