SİYASƏT
FRANSADA RADİO VERİLİŞİNDƏ AZƏRBAYCANDA KEÇİRİLMİŞ PREZİDENT SEÇKİLƏRİNDƏN BƏHS OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşəbbüsü ilə hər ayın sonuncu həftəsi Azərbaycanla bağlı efirə çıxan iki saatlıq radio proqramının oktyabrda getmiş verilişində Azərbaycanda keçirilmiş prezident seçkilərindən bəhs edilmişdir.
Verilişdə oktyabrın 15-də keçirilmiş seçkilərdə əvvəlki illərdən fərqli olaraq, seçicilərin yüksək fəallıq nümayiş etdirmələri, bütün məntəqələrdə seçkilərin sakit, heç bir problem olmadan, mövcud qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun keçirildiyi barədə fransız dinləyicilərinə məlumat verilmişdir. Beynəlxalq müşahidəçilərin fikirlərinə istinad edilmiş verilişdə seçkilərdə inamlı qələbə qazanmış İlham Əliyevin ölkənin iqtisadi inkişafı sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş, demokratik islahatların geniş vüsət aldığı Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün mühüm tədbirlərin həyata keçirildiyindən bəhs olunmuşdur. Məhz İlham Əliyevin prezidentliyinin birinci dövründə işsizliyin tamamilə aradan qaldırılması üçün xüsusi proqram hazırlandığı və bunun sayəsində yeni iş yerlərinin açıldığı, Bakı-Tbilisi-Ceyhan kimi dünya əhəmiyyətli nəhəng neft kəmərinin istifadəyə verildiyi, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun getdikcə artdığı, bir çox ölkələrlə, o cümlədən Fransa ilə sıx əməkdaşlıq edildiyi və dostluq əlaqələrinin inkişafına xüsusi önəm verildiyi diqqətə çatdırılmışdır.
Verilişin “Müstəqil Azərbaycan” hissəsində ölkəmizin coğrafi mövqeyi, tarixi, əhalisi barədə məlumatla yanaşı, Vll əsrdə İslam dininin qəbul edilməsindən, xanlıqlar dövründəki tarixdən, XlX əsrin sonlarında neftin aşkar edilməsi ilə ölkəmizdə baş vermiş hadisələrdən, XX əsrdə Şərq aləmində ilk demokratik dövlətin əsasını qoymuş Azərbaycan Xalq Cümhuriyyətindən bəhs olunmuşdur.
“Qobustan” başlıqlı bölmədə Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olmasından söhbət açılmış, tarixiliyin təzahürü kimi Qobustan barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, eramızdan əvvəl Vll əsrin sonu Vl əsrin əvvəllərində Roma sərkərdəsi Yuli Sezar və onun rəhbərlik etdiyi qoşun Qobustanda olmuşdur. Norveç səyyahı məşhur Tur Heyerdal ölkəmizə səfəri zamanı Qobustana baş çəkmiş, qayaüstü rəsmlərin Azərbaycanın tarixən lap qədim bir ölkə olmasını sübuta yetirən bir abidə olduğunu qeyd etmişdir. Azərbaycanlı arxeoloq İ.Cəfərzadəyə istinadla Qobustanda 4 mindən artıq qayaüstü rəsmin olduğu bildirilmişdir.
Ənənəvi olaraq, verilişin sonunda Azərbaycan musiqisindən və xalq rəqslərindən ibarət parçalar səslənmişdir.
Verilişin ərsəyə gəlməsində “Azərbaycan evi”nin rəhbəri Mustafa Alınca, Strasburqda təhsil alan tələbələrimizdən Elvin Abbasbəyli və Xalid Məmmədovun əməyi çox olmuşdur.