DÜNYA
Fransada sağ-mərkəzçi partiyaların namizəd seçkilərinin birinci turu başa çatıb
Paris, 21 noyabr, AZƏRTAC
Fransada sağ-mərkəzçi partiyaları 2017-ci ildə bu ölkədə keçiriləcək prezident seçkilərində təmsil edəcək namizəd seçiminin birinci turunun nəticələri açıqlanıb.
Dörd milyon seçicinin səs verdiyi 10 min 228 seçki məntəqəsindən 9291-də hesablanan səslərin nəticələrinə görə, yeddi sağ-mərkəzçi namizəddən Fransua Fiyon (44,2%) və Alən Jüpe (28,4%) birinci və ikinci yerləri tutublar. 20,7 faiz səslə məğlubiyyətə uğrayan Nikola Sarkozi ikinci turda iştirak etməyəcəyini və bu mərhələdə Fransua Fiyona səs verəcəyini bildirib. Sabiq Prezident siyasi fəaliyyəti tərk etdiyini də açıqlayıb.
Sağ-mərkəzçi partiyaların namizəd seçkilərinin 2-ci turu növbəti bazar günü keçiriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris