DÜNYA
Fransalı aviadispetçerlərin tətili üzündən İspaniya aeroportlarında 1 saatda 65 reys ləğv edilib
Madrid, 16 sentyabr, AZƏRTAC
İnflyasiyanın artması fonunda əməkhaqqının artırılmasını və əlavə işçilər götürülməsini tələb edən fransalı aviadispetçerlərin tətili üzündən bu gün səhər tezdən İspaniya aeroportlarında bir saat ərzində ümumilikdə 65 reys ləğv edilib.
AZƏRTAC İspaniyanın mülki aeroroptlarına xidmət edən “Aena” şirkətinə istinadla xəbər verir ki, sentyabrın 16-na planlaşdırılmış 6 min reysdən 280-i Fransa ilə bağlıdır. Fransalı aviadispetçerlərin tətili uçuş marşrutu Frasanın hava məkanından keçən digər ölkələrdən gələn və ya həmin ölkələrə gedən reyslərə də təsir göstərəcək.
“Vueling”, “Volotea”, “EasyJet” və “Ryanair” şirkətləri, İspaniya aeroprtlarından Barselonadakı El-Prat və Palma-de-Mayoka aeroportu daha çox zərər çəkib.
Fransanın Mülki Aviasiya Baş İdarəsinin (DGAC) hesablamalarına görə, 24 saat davam edəcək tətil 1000 reysin ləğv edilməsinə səbəb olacaq. Səyahətçilərin aeroporta yola düşməzdən əvvəl öz reysləri barədə məlumatı dəqiqləşdirmələri tövsiyə edilir.
Bu gün “Air France” aviaşirkəti özünün uzaq məsafəli reyslərinin 10 faizini, həmçinin qısa və orta məsafələrə olan reyslərin 55 faizini ləğv edəcək. Reyslərin ləngiməsi və son dəqiqədə ləğv edilməsi də istisna olunmur.
Fransanın coğrafi mövqeyini nəzərə alsaq, bu ölkədə aviadispetçerlərin tətili Avropada, xüsusən Fransanın bilavasitə yaxınlığında yerləşən İspaniyada bütün hava daşımalarına təsir göstərə bilər.
Fransalı aviadispetçerlər bugünkü 24 saatlıq tətildən əlavə, sentyabrın 28-dən 30-dək daha bir üçgünlük tətil keçirəcəklərini bildiriblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid