İQTİSADİYYAT
Fransanın “Le Caucase” saytında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışılıb
Bakı, 25 yanvar, Elvin Camalov, AZƏRTAC
Fransanın “Le Caucase” saytında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışılıb.
AZƏRTAC xəbər verir ki, Fransa mətbuatında dərc olunan məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Azərbaycan və Gürcüstanın iqtisadiyyatını gücləndirməklə beynəlxalq və regional səviyyədə yük mübadilələrini artırmağa imkan yaradacağı söylənilir.
Yazıda bildirilir ki, infrastrukturun yaradılması baxımından əhəmiyyətli olan bu layihə tamamlama mərhələsinə qədəm qoyub. Dəmir yolunun Gürcüstandan keçən hissəsində işlər artıq başa çatıb. Türkiyə tərəfində isə cüzi işlər qalıb.
Qeyd edilir ki, Qafqaz ölkələri üçün bir nemət olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu il istifadəyə veriləcəyi gözlənilir. Layihənin iştirakçı ölkələr üçün əhəmiyyətini xüsusi vurğulayan müəllif diqqətə çatdırır ki, dəmir yolunun tikintisi ölkələri fəal və səmərəli logistika sistemi ilə təmin edərək onlar arasında yüklər və sərnişinlərin daşınmasını təşkil edəcək. Həmçinin iqtisadi əməkdaşlığı artıracaq. İlkin mərhələdə dəmir yolu vasitəsilə ildə 6,5 milyon ton yük və 1 milyon sərnişinin daşınmasının nəzərdə tutulması da yazıda vurğulanıb.