ELM VƏ TƏHSİL
“FRANSIZ DİLİ” DƏRSLİYİ ÇAPDAN ÇIXMIŞDIR
Bakı, 17 iyun (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) praktiki fransız dili kafedrasının müdiri, professor Əsgər Zeynalovun və dosent Səyyarə Nəcəfovanın, həmçinin kafedranın müəllimi Sənubər Mustafayevanın birgə müəllifliyi ilə ali məktəblər üçün “Manuel de Français” adlanan “Fransız dili” dərsliyi çapdan çıxmışdır.
Dərslik təhsil nazirinin müvafiq əmri ilə ali məktəblərdə istifadə üçün təsdiq edilmişdir. Dərslikdə fransız dilinin qrammatikası, leksikası və fonetikası ətraflı əksini tapmışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə Bolonya prosesinə keçidlə əlaqədar istər bakalavr, istərsə də magistr pilləsi üçün yeni dərsliklərin yazılmasına ehtiyac duyulur.
Giriş kursu üçün nəzərdə tutulmuş “Fransız dili” dərsliyi müəyyən dərəcədə bu boşluğu doldurmaq üçün yazılmışdır. Bu kitabı əvvəlki rus müəlliflərinin dərsliklərindən fərqləndirən əsas və başlıca cəhət ilk növbədə milli maraqların nəzərə alınmasıdır.
Kitabdakı bütün dərslər fonetik, qrammatik qaydalarla başlayıb şifahi nitqi inkişaf etdirmək, dialoq, yazı vərdişlərini təkmilləşdirmək üçün yazılı ev tapşırıqları ilə bitir.
İmtahanların test üsulu ilə keçirilməsi nəzərə alınaraq dərslikdə üç yerdə çoxsaylı test tapşırıqları öz əksini tapmışdır.
Artıq tələbə və müəllimlərin ixtiyarına verilən “Fransız dili” (giriş kursu) dərsliyindən təkcə ADU-da fransız dilində təhsil alan tələbələr deyil, respublikamızın digər ali məktəblərində bu dili ikinci dil kimi öyrənən tələbələr və fərdi surətdə məşğul olan şəxslər də istifadə edə bilərlər.
Dərsliyin rəyçiləri ADU-nun professorları Bilal İsmayılov, Çəmən Babaxanova və Əməkdar Elm Xadimi, professor Rauf İsmayılovdur.
######