DÜNYA
Fukusima prefekturasının Kavauçi kəndinin təxliyə olunmuş sakinlərinə doğma evlərinə qayıtmaq icazəsi veriləcəkdir
Tokio, 23 mart (AZƏRTAC). Yaponiya hökumətindəki rəsmi mənbələrin bildirdiyinə görə, qəzalı “Fukusima-1” atom elektrik stansiyasının (AES) ətraf rayonlarından təxliyə edilmiş sakinlərə cari ilin aprelindən başlayaraq üç ay ərzində doğma evlərinə qayıtmağa və orada gecələməyə icazə veriləcəkdir. Əvvəllər həmin sakinlərə öz evlərinə baş çəkməyə icazə verilsə də orada gecələmək olmazdı.
Beləliklə, aprelin 26-dan başlayaraq Fukusima prefekturasının Kavauçi kəndinin 130 ev təsərrüfatının 270 üzvünə öz evlərinə gedərək orada gecələmək icazəsi veriləcəkdir.
Üç il əvvəl “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra Kavauçi kəndinin sakinlərinin 40 faizi təxliyə edilmişdilər.
Mərkəzi hökumət və yerli bələdiyyə orqanları bu barədə göstərişin ləğv edilməsinin mümkünlüyünü müzakirə edirlər. Bildirildiyinə görə, dezaktivasiya işlərindən sonra həmin rayonda radiasiya səviyyəsi xeyli aşağı düşmüşdür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio