CƏMİYYƏT
Fulya Öztürk: Ermənistan Azərbaycanın haqlı mübarizəsini qəbul edə bilmir
Cəbrayıl, 16 sentyabr, Elmir Səftərov, AZƏRTAC
Mən Vətən müharibəsi dövründə də Azərbaycanda idim. Bu gün növbəti dəfə işğaldan azad olunmuş ərazilərə gəlirəm. Döyüşlərdən iki il keçməsinə baxmayaraq, Azərbaycan erməni bəlasından hələ də qurtula bilməyib. Çünki onlar Azərbaycanın haqlı mübarizəsini qəbul edə bilmirlər. Bu səbəbdəndir ki, müharibə başa çatsa da, Azərbaycan erməni təxribatları nəticəsində yenə də şəhidlər verir. Həmçinin bölgədə sülh yoxdur. Bu da birbaşa Ermənistan dövlətinin məsuliyyətsizliyi və sülh istəyinin olmaması ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində "CNN TÜRK" telekanalının müxbiri Fulya Öztürk söyləyib.
O bildirib ki, Azərbaycanın bölgə ilə bağlı məqsədi, istəyi bəllidir. Ermənistan isə bunun əksinə olaraq, regionda sülhün, təhlükəsizliyin tərəfdarı deyil və tez-tez təxribatlar törədir. Lakin bunların heç bir önəmi yoxdur və faydasızdır.
“Kəlbəcərdə, Laçında vəziyyət gərgindir, buna baxmayaraq, Qarabağ bölgəsində Azərbaycan sürətli şəkildə bərpa-quruculuq işlərini davam etdirir, əraziləri minalardan təmizləyir. Cəbrayılda olsam da, minatəmizləmə əməliyyatlarını bu gün müşahidə edirəm. İşğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən yüz minlərlə, hətta milyonlarla mina basdırılıb. İki ildir minalar təmizlənir, amma hələ də bitmir. İstərdik ki, ərazilər minalardan tamamilə təmizlənsin, insanlar öz yurdlarına qayıtsınlar”, - deyə “CNN TÜRK”ün müxbiri vurğulayıb.