İQTİSADİYYAT
Füzuli rayonu ilin doqquz ayını uğurla yekunlaşdırmışdır
Füzuli, 23 oktyabr (AZƏRTAC). Füzuli rayonunda 2013-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının uğurla davam etdirildiyi, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, Horadiz şəhərinin 4 küçəsi yenidən qurulmuş, Kərimbəyli kəndi ərazisində “Qarabağ” otel kompleksi inşa edilmiş, 85 min ağac, o cümlədən 22 min çinar ağacı əkilmişdir. Hazırda ölkə başçısının Sərəncamına uyğun olaraq Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun yenidən qurulması, Horadiz şəhərində Bayraq meydanının, Qarabağ müharibəsi şəhidlərinin və 31 mart soyqırımı qurbanlarının xatirə komplekslərinın, tarix-diyarşünaslıq muzeyinin, uşaq bağçasının, veteranlar evinin, tikiş fabrikinin, boulinq zalının, rayon icra hakimiyyətinin inzibati binasının tikintisi, həmçinin erməni işğalı zamanı dağıdılmış evlərin bərpası davam etdirilir.
Horadiz şəhəri ilə yanaşı, rayonun kəndlərində də tikinti-quruculuq işləri davam etdirilir. Qazaxlar kəndində orta məktəb, Əhmədbəyli kəndində gimnaziya üçün binalar, Qarabağ kəndində heyvandarlıq kompleksi, Üçüncü Zobucuq qəsəbəsində çörək zavodu tikilir.
Hesabat yığıncağında aqrar sahədə əldə olunan uğurlardan da danışılmış və bildirilmişdir ki, hazırda rayonda 31 min 500 baş qaramal, 114 min baş qoyun, 240 min baş ev quşları vardır. İlin 9 ayı ərzində 2935 ton ət, 13.050 ton süd, 5,8 milyon ədəd yumurta, 151 ton yun istehsal edilmişdir. Taxılçılıq sahəsində də yaxşı nəticələr əldə edilmiş, 39,7 min hektar sahədən 111 min ton məhsul əldə olunmuşdur.
Məruzə və çıxışlarda təhsil, səhiyyə, mədəniyyət, idman, xidmət sahələrində görülmüş işlər də nəzərdən keçirilmiş, uğurlarla yanaşı, mövcud problem və çatışmazlıqlar da göstərilmiş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.