REGİONLAR
Füzulidə “Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib
Füzuli, 30 mart, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda “Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi” mövzusunda tədbir keçirilib.
Horadiz şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayonda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova çıxış edərək, ulu öndər Heydər Əliyev irsinin hər bir vətəndaş üçün mənəvi məktəb olduğunu diqqətə çatdırıb. Dövlətçiliyimizin və müasir tariximizin banisi olan Ulu Öndərin çoxşaxəli fəaliyyətindən söz açan natiqlər Vətən müharibəsində qazandığımız böyük Zəfərin mənbəyində də məhz Heydər Əliyev siyasətinin dayandığını vurğulayıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən müasir Azərbaycanın möhkəm siyasi bünövrəsinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu bir daha diqqətə çatdırılıb.
Sonda Ulu Öndərin təhsil sahəsinə göstərdiyi qayğıdan bəhs edən videoçarx nümayiş olunub.