MƏDƏNİYYƏT
Gələcəyin muzey mütəxəssisləri Üzeyir Hacıbəylinin ev-muzeyində olmuşlar
Bakı, 17 may (AZƏRTAC, Pərvanə İmanova). Mayın 17-də Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində “Gələcəyin muzey mütəxəssisləri Üzeyir Hacıbəylinin ev-muzeyində” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar muzeyin yaranmasını və keçdiyi 39 illik yolu əks etdirən sərgi ilə tanış olmuşlar.
Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova tədbir haqqında məlumat vermişdir. Keçmişimizin yadigarlarının və xalqların tarixinin, mədəniyyətinin gələcək nəsillərə ötürülməsində, onların qorunub saxlanılmasında muzeylərin çox böyük rolu olduğunu söyləyən G. Ələsgərova 18 may - Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışmışdır. Vurğulanmışdır ki, Üzeyir Hacıbəylinin ev-muzeyi də hər il bu günlə bağlı müxtəlif tədbirlər həyata keçirir.
Sonra muzeyin bələdçisi Səbinə Hüseynova tədbir iştirakçılarına dünyada ilk muzeylərin yaranma tarixi, UNESCO-nun muzeylərlə bağlı qəbul etdiyi qərarlar, onların əhəmiyyəti haqqında ətraflı məlumat vermiş, Azərbaycanda bu sahəyə göstərilən diqqət və qayğıdan söhbət açmışdır. Bildirilmişdir ki, hər il mayın 18-i dünyada, o cümlədən ölkəmizdə Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
S. Hüseynova muzey marketinqindən, onların maliyyələşdirilməsindən, turizmin inkişafında muzeylərin rolundan və əhəmiyyətindən də söhbət açmışdır. Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olduğunu xüsusilə qeyd edən S. Hüseynova bildirmişdir ki, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilmişdir ki, 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə bu sahəyə diqqət və qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılmışdır ki, respublikamızda müxtəlif təmayüllü muzeylər fəaliyyət göstərir. Ölkənin bir sıra ali təhsil müəssisələrində muzeyşünaslıq fakültələrinin açılması bu sahədə peşəkar mütəxəssislərin hazırlanmasına yardımçı olacaqdır.
Mərasimdə Bakıdakı 18 nömrəli orta məktəbin şagirdi Suqra Quliyeva çıxış edərək gələcəkdə muzey işçisi olmaq arzusunu bildirmiş və bu peşənin özəlliklərindən danışmışdır.
Tədbirin bədii hissəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Prezident təqaüdçüləri və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri konsert proqramı ilə çıxış etmişlər.
Həmçinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında görkəmli bəstəkarın səs yazılarının və görüntülərinin də yer aldığı sənədli film nümayiş etdirilmişdir.