İQTİSADİYYAT
Gələn il dövlət büdcəsində mənzil və kommunal xərcləri üçün 349,9 milyon manat vəsait proqnozlaşdırılıb
Bakı, 4 noyabr, AZƏRTAC
Cari ilin dövlət büdcəsində mənzil və kommunal xərcləri üçün 349,9 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 77,2 milyon manat və ya 28,3 faiz çoxdur.
AZƏRTAC bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadla xəbər verir.
Mənzil və kommunal xərcləri üzrə ayrılmış vəsaitdən 131,8 milyon manatı və ya 37,7 faizi kommunal təsərrüfatına, 61,3 milyon manatı və ya 17,5 faizi mənzil təsərrüfatına, 10 milyon manatı və ya 2,9 faizi su təsərrüfatına, 7 milyon manatı və ya 2 faizi lift təsərrüfatına, 139,8 milyon manatı və ya 39,9 faizi isə mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək. Mənzil və kommunal xərclərindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı üçün 40,1 milyon manat vəsait ayrılacaq. “Mənzil və kommunal təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə nəzərdə tutulmuş vəsaitdən şəhər, rayon və qəsəbələrdə dövlət balansında olan yaşayış binalarının, o cümlədən dam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin əsaslı təmiri üçün 61,3 milyon manat, lift təsərrüfatının saxlanılması üçün 7 milyon manat, prospekt, küçə, meydan, park, xiyaban və digər bu qəbildən olan yerlərdə sanitar təmizlik, abadlaşdırma, təmir və yenidənqurma işlərinin həyata keçirilməsi üçün 243,5 milyon manat, işıqlandırılma üçün 33,6 milyon manat, yaşıllıqların salınması, saxlanılması və landşaft quruluşu işləri üçün 49,9 milyon manat, mənzil və kommunal sahəsində zərərlə işləyən dövlət müəssisələrinə subsidiya olaraq 44,9 milyon manat vəsait nəzərdə tutulub.