REGİONLAR
Gələn il FAO Azərbaycanda 3 milli layihə həyata keçirəcəkdir
Bakı, 28 dekabr (AZƏRTAC). Hazırda Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 3 milli və 7 regional layihəsində iştirak edir.
Bu sözləri FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Təranə Bəşirova AZƏRTAC-a demişdir.
Onun sözlərinə görə, gələn il Azərbaycanda 3 milli layihənin həyata keçirilməsi nəzərdə tutulur və bu artıq FAO tərəfindən təsdiq edilmişdir. Bunlardan biri Azərbaycanda virussuz kartof toxumunun yetişdirilməsi layihəsidir. Layihənin büdcəsi 400 min ABŞ dolları məbləğində olacaqdır. Bu, kartof toxumçuluğu sahəsində biotexnologiyalar laboratoriyasının yaradılması və virussuz kartof toxumunun yetişdirilməsi istiqamətində ilk addım olacaqdır.
FAO-nun nümayəndəsi vurğulamışdır ki, digər bir layihə (büdcəsi 350 min ABŞ dolları məbləğində) isə kənd təsərrüfatı məhsullarının marketinqi sahəsində Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq qurumların bacarıqlarının artırılmasıdır. Üçüncü milli layihə (büdcəsi 200 min ABŞ dolları məbləğində) isə Azərbaycanda üzvi kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlıdır.
Eyni zamanda, gələn il Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində informasiya sisteminin gücləndirilməsi, arıçılıq sahəsində seleksiya işlərinin təşkil edilməsi, resurs mühafizəedici kənd təsərrüfatının inkişaf etdirilməsi və s. regional layihələrdə iştirakı gözlənilir.