İQTİSADİYYAT
Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 202,1 milyon manat nəzərdə tutulub
Bakı, 4 noyabr, AZƏRTAC
2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 202,1 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2022-ci illə müqayisədə 204,8 milyon manat və ya 20,5 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 291,7 milyon manat və ya 32 faiz çoxdur.
AZƏRTAC bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadla xəbər verir.
Həmin vəsaitin 465,8 milyon manatı (2022-ci illə müqayisədə 5,9 milyon manat və ya 1,3 faiz çox) ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, su itkilərinin azaldılması, fermerlərin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcək. Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 658,1 milyon manat (2022-ci illə müqayisədə 180,6 milyon manat və ya 37,8 faiz çox), baytarlıq tədbirləri üçün 47,5 milyon manat, kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər üçün 30,8 milyon manat (2022-ci illə müqayisədə 18,4 milyon manat və ya 2,5 dəfə çox) məbləğində vəsait proqnozlaşdırılıb.