REGİONLAR
Gəmiqaya abidəsi qədim tariximizin öyrənilməsi baxımından zəngin mənbədir
Naxçıvan, 31 avqust, AZƏRTAC
Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan, bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verən Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı, AMEA Naxçıvan Bölməsinin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşlarının iştirakı ilə “Gəmiqaya təsvirləri - ibtidai mədəniyyətimizin nümunəsi kimi” mövzusunda keçirilən tədbirdə vurğulanıb.
Tədbirdə çıxış edən Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev bildirib ki, süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlərin mövzusu əcdadlarımızın inancına və əmək fəaliyyətinə həsr olunub. Ona görə də xalqımızın həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarixi və təsviri sənət nümunələri kimi tariximizin və mədəniyyətimizin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verir.
Qeyd olunub ki, xalqımızın tarixi keçmişinin öyrənilməsi baxımından Gəmiqayanın çox əhəmiyyətli abidə olduğunu vurğulayan ümummilli liderimiz Heydər Əliyev deyib: “Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun, Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri Toğrul Xəlilov çıxış edərək diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən, 2016-cı ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğunda və ona bitişik ərazilərdəki daşüstü təsvirləri ilə bağlı tədqiqat işləri aparılıb. Gəmiqaya rəsmləri Azərbaycanın qədim tarixinin, maddi və mənəvi mədəniyyətinin, incəsənətinin, eyni zamanda, xalqımızın etnogenez tarixinin öyrənilməsi üçün olduqca zəngin, dəyərli mənbədir.
Sonda tədbir iştirakçılarına mərkəzdə təşkil edilən kitab sərgiləri haqqında məlumat verilib.