ELM VƏ TƏHSİL
Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyəti bir sıra qərarlar qəbul edib
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda şuranın 2014-cü il üçün elmi fəaliyyətinə dair illik hesabatı, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirinin təşkili, bu qurumun tərkibində nizam-İntizam komissiyasının yaradılması və digər məsələlər müzakirə olunub.
Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov çıxış edərək AMEA-nın rəyasət heyətinin müvafiq sərəncamı ilə akademiyanın nəzdində fəaliyyət göstərən institut və elmi müəssisələrdə 20 Yanvar faciəsi ilə bağlı anım tədbirlərinin keçiriləcəyini bildirib.
İclasda AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən gənc alim və mütəxəssislərin iştirakı ilə yanvarın 19-da praktiki seminarın keçirilməsi qərara alınıb. İdarə heyətinin üzvləri şuranın ötən il üzrə ümumi hesabatına hazırlıq işlərini də müzakirə ediblər. Həmçinin nizam-intizam komissiyasının yaradılmasına dair qərar qəbul olunub.