ELM VƏ TƏHSİL
Gənc Alimlərin II Respublika Elm Festivalının yekunları ilə bağlı mətbuat konfransı keçirilmişdir
Bakı, 14 mart (AZƏRTAC). Martın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Gənc Alimlərin II Respublika Elm Festivalının yekunları ilə bağlı mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov martın 5-dən 7-dək Masallıda keçirilmiş Gənc Alimlərin II Respublika Elm Festivalı haqqında məlumat vermişdir. Konfrans Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdur.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”na əsasən Masallıda Gənc Alimlərin II Respublika Elm Festivalı çərçivəsində “Müasir şəraitdə Azərbaycan tarixi, dili, ədəbiyyatı və fəlsəfəsi qarşısında duran yeni vəzifələr” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya, Fəlsəfə, Sosiologiya və Hüquq, Ədəbiyyat, Dilçilik, Folklor, Şərqşünaslıq institutları, Milli Azərbaycan Ədəbiyyatı və Milli Azərbaycan Tarixi muzeylərinin gənc alimləri, Bakı Dövlət və Azərbaycan Dövlət Pedaqoji universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc tədqiqatçılar, dissertant və doktorantlar iştirak etmişlər. Festivala gənc alimlər 150-dən çox məqalə, elmi tezis təqdim etmişlər və yaxın vaxtlarda bu elmi işlər toplu şəklində çap olunacaqdır.
Konfransa, həmçinin Masallıda fəaliyyət göstərən gənclər, tarix, ədəbiyyat üzrə gənc müəllimlər qatılmışlar və onlar elmi məruzələrlə bağlı diskussiyalarda fəal iştirak etmişlər.
Festival çərçivəsində gənc alimlərin fəlsəfə, tarix, arxeologiya, folklor, ədəbiyyat, şərqşünaslıq və s. sahələr üzrə məruzələri dinlənilmişdir.
İ.Orucov festivalın Masallıda keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, gələcəkdə bu cür tədbirlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulmuşdur.
Mətbuat konfransında gənc alimlər belə tədbirlərin respublikanın müxtəlif bölgələrində və beynəlxalq səviyyədə keçirilməsinin əhəmiyyətini vurğulamışlar. Çıxış edənlər bu cür elmi konfransların bölgələrdə keçirilməsini rayonlarda fəaliyyət göstərən gənclərlə təcrübə mübadiləsi, ünsiyyət baxımından daha məqsədəuyğun hesab etmişlər.
Sonda festival iştirakçılarına sertifikatlar təqdim edilmişdir.