MƏDƏNİYYƏT
Gənc bəstəkarların plenumu çərçivəsində konsert olmuşdur
Bakı, 11 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) təşkilatçılığı ilə gənc bəstəkarların plenumu keçirilir.
AZƏRTAC xəbər verir ki, iyulun 11-də ABİ-nin Üzeyir Hacıbəyli adına konsert salonunda plenum çərçivəsində konsert olmuşdur.
ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə gənc bəstəkarlara öz bacarıqlarını nümayiş etdirmək üçün həmişə şərait yaratdıqlarını söyləmişdir. Bildirmişdir ki, onlar Azərbaycan musiqisinin nümayəndələridir və gələcək musiqimizin taleyini bu gənc bəstəkarların əsərləri müəyyən edir. Nəzərə çatdırılmışdır ki, konsertlər plenuma təqdim edilmiş əsərlərə baxış məqsədilə keçirilir.
Sonra əsərləri səslənəcək gənc bəstəkarlar haqqında məlumat verilmiş və onların musiqiləri ifa olunmuşdur.
Konsert proqramında Ülkər Məmmədlinin piano üçün “Polifonik məcmuə”, əslən Təbrizdən olan Əli Geranmehrin klarnet, violin və violonçel üçün “Pyes”, Kəmalə Əlizadənin piano üçün “Brezza musicale di Venezia”, Kamran Nəsirovun qaboy və piano üçün “Elegiya”, Fərid Fətullayevin piano üçün “3 Prelüd” və Orxan Haşimovun klarnet və piano üçün “Sonata” əsərləri təqdim edilmişdir.
Bu musiqi əsərlərini Pərvin Rüstəmova, Əziz Qarayusifli, Elgün Ağazadə, Eyyub Əliyev, Rza Abbasquliyev, Leyla Əliyeva və müəlliflər ifa etmişlər.