CƏMİYYƏT
Gənc mədəniyyət işçiləri arasında ilk dəfə mini futbol yarışları keçiriləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Cari il sentyabrın 16-da Şamaxı şəhərinin Olimpiya Mərkəzində regional mədəniyyət və turizm müəssisələrində çalışan 35 yaşa qədər olan gənc mədəniyyət işçiləri arasında mini futbol yarışının keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən təşkil ediləcək “Gənc mədəniyyət işçilərinin ilk kuboku”nun məqsədi mədəniyyət və idman sintezi çərçivəsində sağlam həyat tərzinin təbliği, müxtəlif rayonlarda mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət əməkdaşlarının fəaliyyətinin stimullaşdırılması, onlar arasında sıx yoldaşlıq əlaqələrinin yaradılmasıdır.
Qeyd edək ki, respublikamızın 45-dən çox rayonunu təmsil edəcək gənc mədəniyyət işçiləri 8 regional komanda tərkibində mübarizə aparacaq.