MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi beynəlxalq festivalda iştirak etmişdir
Bakı, 17 may (AZƏRTAC). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi Türkiyədə keçirilmiş XXX Dənizli Beynəlxalq teatr festivalda iştirak etmişdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivalın açılış mərasimində Dənizli şəhər bələdiyyəsinin sədri Osman Zolan çıxış edərək 30 il ərzində davamlı olaraq keçirilən festivalın əhəmiyyətindən söz açmışdır.
Bildirilmişdir ki, ötən müddətdə festivala, ümumilikdə, 10 min teatr aktyoru qatılmış, 600 səhnə əsəri nümayiş olunmuş və tamaşaları 300 min tamaşaçı izləmişdir.
Festivalda Gənc Tamaşaçılar Teatrı dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşası ilə çıxış etmişdir.
Maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev, səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.
Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşa festivalın mükafatına layiq görülmüşdür.
Festivalda 18 teatr kollektivi, ümumilikdə, 29 tamaşa ilə çıxış etmişdir.