REGİONLAR
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Goranboy rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 100-dək sahibkarın və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirak etdiyi forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, tərəvəzçilik, intensiv bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının, meyvə və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışıb.
İşgüzar forumda sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, onlara göstərilən xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli qaydada maliyyələşdirilməsində səmərəliliyin daha da artırılması, startapların dəstəklənməsi üçün fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyi vurğulanıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edilib.
Tədbir çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların heyvandarlıq, bağçılıq, mineral su istehsalı və sair sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 631 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 70-dək yeni iş yeri açılacaq.
Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000 investisiya layihəsinin maliyyələşdirilməsinə 290 milyon manat güzəştli kredit verilib.