İQTİSADİYYAT
Gəncə-Qazax regionunda külli miqdarda yararsız ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılmışdır
Gəncə, 29 noyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Gəncə-Qazax bölməsi əməkdaşlarıının 2012-ci ilin ötən 11 ayında keçirdikləri monitorinqlər zamanı 6,5 ton yararsız ərzaq məhsulları aşkar edilərək dövriyyədən çıxarılmışdır.
AZƏRTAC xəbər verir ki, mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq və qeyri ərzaq məhsullarının satışını həyata keçirən 197 ticarət obyekti aşkarlanmış və həmin məhsullar satışdan çıxarılaraq məhv edilmişdir. İnzibati xətaya yol verən sahibkarlar ümumilikdə 215 min 900 manat cərimə olunmuşlar. Bu məbləğin 103 min 736 manatının dövlət büdcəsinə ödənişi təmin edilmiş, qalan cərimələrin ödənilməsi üçün tərtib edilmiş sənədlər aidiyyəti məhkəmələrə göndərilmişdir.