MƏDƏNİYYƏT
Gəncə və Mingəçevir məktəblilərinin şimal bölgəsinə ekskursiyasının son ünvanı Xaçmaz şəhəridir
Xaçmaz, 22 avqust (AZƏRTAC, Elxan Yusifli). Avqustun 22-də Xaçmaz şəhəri Gəncə və Mingəçevirdən olan məktəbliləri qarşıladı.
AZƏRTAC xəbər verir ki, məktəblilər əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət etdilər.
Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova qonaqlara Xaçmaz haqqında ətraflı məlumat verdikdən sonra məktəblilər şəhərdəki Heydər Əliyev Mərkəzində oldular. Tur-aksiya iştirakçıları burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilən fotoşəkillərindən ibarət stendlərə baxdılar, Ulu Öndərə həsr olunan filmi maraqla izlədilər.
Məktəblilər Xaçmaz şəhərində Azərbaycanın 52 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də oldular. Ekskursiya iştirakçıları muzey-parkı gəzib xatirə şəkilləri çəkdirdilər.
Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət etdilər. Məktəblilərin diqqətinə çatdırıldı ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Bildirildi ki, muzeydə tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.
Gəncə və Mingəçevir məktəbliləri Xaçmaz Xalça Muzeyi və dövlət rəsm qalereyası ilə tanışlıqdan sonra Çənlibel parkına gəldilər. Parkda gəzintidən sonra məktəblilər doğma şəhərlərinə yola salındılar.