İQTİSADİYYAT
Gəncə və Şəki şəhərlərinin rəqəmsal kadastr xəritələri hazırlanıb
Bakı, 21 noyabr, AZƏRTAC
Gəncə və Şəki şəhərlərinin bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası yaradılır. Hər iki şəhərdə mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin hazırlanması başa çatdırılıb. Bu işlər Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində icra edilir.
AZƏRTAC-a müsahibəsində bu haqda məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov deyib ki, layihənin icrasına seçilmiş pilot ərazilərdə başlanılıb. Artıq sistematik kadastr ölçmələri yekunlaşıb. Hazırda isə Gəncə və Şəkinin bütün ərazisini əhatə edən kadastr işləri aparılır.
Qeyd edək ki, elektron kadastr məlumat bazası ölkədə əmlak idarəçiliyinin müasir əsaslarla qurulmasına, müvafiq kadastr orqanları ilə informasiya mübadiləsinin aparılmasına imkan yaradacaq.