REGİONLAR
Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb
Gəncə, 19 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Qoşqar Həsənov idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib. Bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Qoşqar Hüseynov 1 ay müddətinə inzibati qaydada həbs edilib.