REGİONLAR
Gəncədə baş verən yanğında 8 bina tam mühafizə olunub
Gəncə, 31 avqust, AZƏRTAC
Avqustun 31-də saat 16:48 radələrində Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rabitə məntəqəsinə Əziz Nəzərov küçəsində dördmərtəbəli yaşayış binasında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Yanğınsöndürən avtomobillər dərhal yola düşüb, 16:55 radələrində hadisə yerinə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini daxili xidmət polkovniki Fuad Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hadisə yerinə çatdıqda dördmərtəbəli binanın 4 mərtəbəsində də artırmaların alov içərisində olduğu müşahidə edilib. “Yanğın baş verən əraziyə 9 ədəd yanğınsöndürən avtomobil, xüsusi riskli xilasetmə qurumları və regional mərkəzin xilasediciləri cəlb olunub. Üç nəfər yüngül xəsarət alıb, 20 nəfər tərəfimizdən xilas edilib. Yanğın 18:00 radələrində tam söndürülüb, 8 bina isə yanğından tam mühafizə olunub”, - deyə F.Hüseynov qeyd edib.