REGİONLAR
Gəncədə Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Gəncə, 4 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Heydər Əliyev Mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbir keçirilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, hər birinə gələcək yarışlarda uğurlar arzulayıb.
Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk də öz növbəsində bütün idman ictimaiyyətinə yeni-yeni nailiyyətlər arzu edib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 2021-ci il ərzində Baş İdarənin idman sahəsində gördüyü işlər haqqında hesabat xarakterli çıxış edib.
İdman ictimaiyyəti adından Əməkdar məşqçi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Elçin Zeynalov və Əməkdar məşqçi-müəllim Albert Qəribov çıxış edərək, idmançılara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib və əvvəlki illərdə olduğu kimi, idmançıların növbəti illərdə də yeni-yeni qələbələr qazanacaqlarını vurğulayıblar.
Sonda bir qrup idmançı bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində göstərdiyi fəaliyyətlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının “Təşəkkürnamə”ləri, eyni zamanda, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin “Fəxri fərman”ı ilə təltif olunub və hədiyyələr təqdim edilib.