MƏDƏNİYYƏT
GƏNCƏDƏ GÖRKƏMLİ RƏSSAM CAVANŞİR ƏLİYEVİN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ NÜMAYİŞ ETDİRİLMİŞDİR
Gəncə, 17 iyun (AZƏRTAC). Gəncə Olimpiya İdman Kompleksində görkəmli xalçaçı-rəssam Cavanşir Əliyevin əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açaraq tanınmış el sənətkarının Gəncədə nümayiş etdirilən bu sərgisini şəhərin mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, qeyd etmişdir ki, hələ 30 il əvvəl sənətkarın atası, xalq rəssamı Kamil Əliyevin sərgisi şəhər ictimaiyyəti tərəfindən maraqla qaşılanmışdı. 30 ildən sonra onun oğlu Cavanşir Əliyevin Gəncə sənətsevərləri ilə bu görüşünün də yaddaqalan olacağına əminlik ifadə edən natiq ona yaradıcılıq uğurları arzulamışdır.
Sonra tamaşaçılar görkəmli xalçaçı-rəssam, respublika memarlar və rəssamlar ittifaqlarının üzvü Cavanşir Əliyevin əsərlərindən ibarət sərgiyə baxmışlar. Rəssamın xalça üzərində işlənmiş Heydər Əliyevin, Prezident İlham Əliyevin, həmçinin bir sıra dövlət başçılarının, görkəmli siyasi xadimlərin portretləri, eləcə də müxtəlif ornamentli xalçalar və miniatür əsərlər maraqla qarşılanmışdır.