ELM VƏ TƏHSİL
Gəncədə neonatologiyanın son nailiyyətlərinə həsr olunmuş beynəlxalq konfrans öz işinə başlayıb
Gəncə, 19 sentyabr, Sabir Əliyev, AZƏRTAC
Sentyabrın 19-da Gəncədəki Heydər Əliyev Mərkəzində “Neonatologiyanın son nailiyyətləri” mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın tanınmış həkimləri ilə yanaşı, Türkiyənin Ege Universitetinin professor və müəllimlərinin də qatıldığı konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Konfransı Gəncə şəhər səhiyyə idarəsinin rəisi, tibb elmləri doktoru, professor Əlikram Məmmədov açaraq neonatologiya sahəsində əldə olunan son nailiyyətlərə, aktual problemlərin həllinə həsr edilmiş belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər Azərbaycan səhiyyəsində aparılan islahatlardan və qazanılan uğurlardan danışaraq diqqətə çatdırıb ki, dövlətimizin başçısının insanların cansağlığının qorunması istiqamətində verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Gəncədə də bir sıra işlər həyata keçirilib. Yeni və ən müasir tələblərə cavab verən səhiyyə ocaqları yaradılıb, köhnələr isə əsaslı şəkildə yenidən qurulub. İndi insanlar əlavə xərc çəkmədən yaşadıqları şəhərdə yüksək səviyyəli səhiyyə xidmətindən istifadə edirlər.
Sonra Azərbaycanın tanınmış pediatrı, tibb elmləri doktoru İbrahim İsayevin, Türkiyənin Ege Universitetinin tibb fakültəsinin professoru Mehmet Yalazın və digər mütəxəssislərin məruzələri dinlənilib. Konfransda yeni doğulmuş körpələrin orqanizmində müşahidə edilən xəstəliklərin müalicəsindəki təcrübələr, bu sahədə elmi araşdırmaların nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq konfrans sentyabrın 20-də öz işini davam etdirəcək.