MƏDƏNİYYƏT
GƏNCƏDƏ VAQİF MUSTAFAZADƏNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MUSİQİ GECƏSİ KEÇİRİLMİŞDİR
Gəncə, 27 aprel (AZƏRTAC). Görkəmli bəstəkar və pianoçu, dünya şöhrətli caz ustası, əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasının 70 illik yubileyi münasibətilə Gəncədə musiqi gecəsi keçirilmişdir.
Gəncə Dövlət Kamera Orkestrinin konsert salonunda keçirilən xatirə gecəsində çıxış edənlər orijinal ifaçılıq üslubuna, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradan Vaqif Mustafazadənin qısa, lakin mənalı ömür yolundan söhbət açmış, onun yaratdığı əsərlərin yüz illərlə yaddaşlardan silinməyəcəyi barədə maraqlı fikirlər söyləmişlər.
Sonra “Arena” saz orkestri, habelə saz üçlüyü bəstəkarın kompozisiyalarından və pyeslərindən parçalar ifa etmişlər. Gənc “Qaya” vokal qrupunun 70-ci illərdə populyar olan keçmiş “Qaya” vokal kvartetinin repertuarından səsləndirdikləri mahnılar da gecə iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.