MƏDƏNİYYƏT
Gəncədə Vətən müharibəsi şəhidi Hikmət Məmmədovun xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib
Bakı, 16 may, AZƏRTAC
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş əməkdaşı Məmmədov Hikmət Lətif oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
AZƏRTAC xəbər verir ki, Hikmət Məmmədov 2020-ci il oktyabrın 2 şəhidlik zirvəsinə ucalıb.
O, 1993-cü il noyabrın 19-da Gəncə şəhərində anadan olub. 2000-ci ildə Kəlbəcər rayonunun Gəncə şəhərində yerləşən 98 nömrəli orta məktəbinin 1-ci sinfinə daxil olub, 2011-ci ildə həmin orta məktəbi bitirib. 2011-2015-ci illərdə Gəncə Dövlət Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə ali təhsil alıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.